Azərbaycan dilində ibadət mətnləri

MÜXTƏLİF DUALAR

Ad günündə oxunan dua

Ya Rəbb Allah, görünən və görünməyən hər şeyin Hökmdarı. Ömrümün günləri tək Sənin iradəndən asılıdır. Şükür edirəm Sənə, ey rəhmli Ata, çünki bu ili də yaşamağı nəsib etdin mənə; bilirəm ki, günahlarıma görə bu rəhmə layiq deyiləm, lakin Sən Öz təsvirəgəlməz mərhəmətinə görə bu rəhmi göstərdin mənə. Bu rəhmi çox görmə mən günahkara; mənə fəzilətli, sakit və sağlam ömür; qohum və qonşularla sülh bəxş eylə. Qoy torpaq mənə bol bəhrə versin; həyatım üçün zəruri olanı bəxş eylə mənə. Hər şeydən əvvəl qoy vicdanım təmiz olsun, xilas yolunda mənə güc ver ki, uzun ömürdən keçib, əbədi həyata çatım və Səmavi Padşahlığın varisi olmağa layiq olum. Özün, ya Rəbb, yeni yaşıma və ömrümün bütün günlərinə xeyir-dua ver. Amin.

 

Hamiləlikdə oxunan dua

Ey Allahımız Rəbb İsa Məsih, Sən əbədi Atadan zamanın fövqündə doğulan Oğul olaraq, axır zamanlarda Müqəddəs Ruhun məhəbbəti və hərəkəti ilə mübarək Bakirədən dünyaya gəlmək və bələnib axura qoyulan körpə olmaq istədin. Özün, ya Rəbb, dünyanı yaratdığın zaman kişini və qadını yaratdın, onları nikahda birləşdirdin və "törəyib çoxalın və yer üzünün sahibi olun" əmrini onlara verdin. Sonsuz rəhminə görə mənə, Öz bəndənə, rəhm eylə, çünki əmrin ilə hamiləyəm mən. Könüllü və könülsüz halda nə günah etmişəmsə, bağışla və bu körpəni dünyaya gətirmək üçün güc ver mənə, hər ikimizə sağlıq və qüvvət bəxş eylə. Öz mələklərinlə bizi mühafizə eylə, şər ruhların əməllərindən və hər pislikdən bizi qoru. Amin.

 

«Qalxsın Allah...»

Qalxsın Allah, düşmənləri dağılsınlar,

Ona nifrət edənlər qarşısından qaçsınlar,

Pislər çəkilən tüstü kimi dağılsınlar,

Alovun qarşısında mum kimi ərisinlər:

Eləcə də qaçsın hər şeytan

Allahı sevənlərin qarşısından,

Özlərinə xaç vuranlardan,

Belə sözlərlə sevinən insanlardan:

"Sevin, ey Rəbbin həyatverən dəyərli Çarmıxı,

Səndə çəkilən və cəhənnəmə enən,

İblisin gücünü isə məhv edən,

Hər düşməni qovan üçün bizə Səni verən

Rəbbimiz İsa Məsihin qüvvəsi ilə cinləri qovan".

Ey Rəbbin həyatverən dəyərli Çarmıxı, Allahın Validəsi olan müqəddəs Bakirə Mələkəmizlə və bütün müqəddəslərlə hər zaman kömək et mənə. Amin.

 

İsa Məsihə dua

Ey Allahın Oğlu, Rəbb İsa Məsih, mən günahkara rəhm eylə!

 

Müqəddəs Suriyalı Efraimin duası

Ey Həyatımın Rəbbi və Hökmdarı!

Tənbəllik, fanilik, rəyasətpərəstlik, çərənçilik ruhunu uzaq et məndən.

İsmət, sadəlik, səbir və məhəbbət ruhunu isə bəxş et bəndənə.

Ya Rəbb Padşahım, günahlarımı mənə göstər ki, qardaşımı mühakimə etməyim, çünki mübarəksən sonsuza qədər. Amin.

 

Məhbusun duası

Ey hədsiz səbirli, sonsuz mərhəmətli Rəbbim. Məhbusam mən, Sənə tapınaraq bütün qəlbimlə dua edirəm: həbsxanada dəmir buxovlarda saxlanılan güclü Şəmşun orada öz gücsüzlüyünü görüb qüdrətli Allaha tərəf döndüyü kimi, günahkar Mənəssə əsirlikdə və həbsxanada Səni, həqiqi Allahı tapan kimi, sürgündə olan yəhudilər yad ölkədə Səni, atalarının Allahını tanıyan kimi, itən oğul uzaq bir ölkəyə gedib orada acından ölən zaman öz atasını xatırlayan kimi, mən də bu andan yalnız Səni tanıyıram və Sənə yalvarıram. Xalqın arasından qovulmuşam mən, Sən isə qovulanları axtarırsan. Burada nə atam, nə anam, nə qardaşım, nə də dostlarımdan biri var kömək etsin mənə, onlar fəryadımı eşitməzlər. Sən isə əzab-əziyyət çəkənlərə və Səni açıq ürəklə çağıran hər kəsə yaxınsan. Ey rəhmli Allah! Günahım dəniz qumundan da çox olsa, saysız günahıma görə gözlərimi səmaya qaldıra bilməsəm də, Sən, ey Ədavətsiz, məni tövbədə qəbul eylə! Tək Sənə qarşı günah edib, tək Sənin önündə tövbə edirəm, ey mərhəmətli Rəbb! Son günüm çatmadan xilas et məni. Amin.

 

Məhbus üçün dua

Ey Allahımız Rəbb İsa Məsih, müqəddəs həvari Peteri zəncirlərdən və həbsxanadan zərərsiz azad etdin. İtaətkarlıqla yalvarırıq Sənə, həbsdə olan (isim) bəndən üçün duamızı qurban kimi rəhmlə qəbul eylə. Həvari Peterin şəfaəti ilə, ya Allah, Öz qadir sağ əlinlə hər müsibətdən bəndəni qoru və azad eylə onu. Amin.

 

Yeni il duası

Ya Rəbb Allah, görünən və görünməyən hər şeyin, mövsümlərin və illərin Yaradanı, bizim xilasımız üçün etdiyin Təcəssümündən sayılan bu Yeni ilə xeyir-dua ver.

Bu ili və gələcək illəri yaxınlarımız ilə barış və hüzur içində keçirməyimizi nəsib eylə. Təsis etdiyin, Əqdəs Vücudun və Qanının xilas verən qurbanı ilə təqdis etdiyin müqəddəs, ümumdünya Kilsəsini möhkəmləndir və Onun sayını çoxalt.

Vətənimizi ucalt, qoru və izzətləndir. Bizə uzun ömür, sağlamlıq, bol bəhrəli torpaq və xoş hava bəxş eylə.

Məni — sənin günahkar bəndəni, bütün qohumlarımı, yaxınlarımı, bütün saleh olan məsihiləri əsl Ali-Çobanımız kimi otar, qoru, xilas yolunda yönəlt, biz isə uzun və firavan ömür sürüb, bu yolu keçib, Səmavi Padşahlığına çataq və bütün müqəddəslərlə birgə əbədi xoşbəxtliyə layiq olaq. Amin.

 

Xəstənin şəfa tapması üçün dua

Ey Pərvərdigar, Külli-İxtiyar, Müqəddəs Rəbb, Sən cəzalandırırsan, lakin öldürmürsən, yıxılana dayaq olursan, əyiləni qaldırırsan, insanın cismani ağrılarını sağaldırsan. Yalvarırıq Sənə, ey Allahımız, xəstə olan (isim) bəndənə rəhminlə nəzər sal, könüllü və könülsüz günahlarını bağışla. Ya Rəbb, Öz şəfalı qüvvəni Səmadan göndər və toxun bədəninə, hərarətini sal, əziyyətinə və gizli xəstəliyinə son qoy, Sən Özün (isim) bəndənin həkimi ol, azar yatağından və əzab döşəyindən onu sağlam qaldır, onu Öz Kilsənə qaytar ki, Sənin iradəni və xeyir əməllərini yerinə yetirsin. Çünki rəhm və nicat Səndən gəlir, ey Allahımız, buna görə Sənə — Ataya, Oğula və Müqəddəs Ruha — həmd edirik, indi, hər zaman və sonsuza qədər. Amin.

 

Optina ağsaqqallarının duası

Ya Rəbb, gələn günün mənə gətirəcəyi hər şeyi qəbul etmək üçün ruhuma hüzur bəxş eylə.

Ya Rəbb, müqəddəs iradənə tamamilə təslim olmağımı nəsib eylə.

Ya Rəbb, bu günün hər saatında məni hər şeydə yönəlt və dəstəyim ol mənim.

Ya Rəbb, mənə və ətrafımdakılara Öz iradəni göstər. Gün ərzində aldığım bütün xəbərlərin Sənin müqəddəs iradən olduğunu sakit və əmin ruhla qəbul etməyimə kömək eylə.

Ey əzəmətli və rəhmli Rəbbim! Hər sözümə, əməlimə, düşüncəmə və hisslərimə rəhbər ol. Bütün gözlənilməz hallarda hər şeyin Sənin tərəfindən göndərildiyini qoyma unudum.

Ya Rəbb, qoy heç kimi incitmədən, utandırmadan yaxınlarımın hər biri ilə ağılla davranım.

Ya Rəbb, gələn günün yorğunluğuna və bu gün ərzində baş verəcək bütün hadisələrə dözmək üçün mənə güc ver.

İradəmə rəhbər ol və mənə tövbə etməyi, dua etməyi, iman etməyi, ümid etməyi, səbir etməyi, hər kəsi ürəkdən bağışlamağı və sevməyi öyrət. Amin.

 

Yola çıxan insanın duası

Ey Allahımız, həqiqət və həyat yolumuzsan bizim, Məryəmin nişanlısı olan bəndən Yusiflə yol getdiyin kimi, [isim] ilə də yol get, ya Pərvərdigar, onu tufandan və təhlükədən qoru, ona əmin-amanlıq və qüvvət ver. Layiq et ki, Sənin əmrlərini yerinə yetirib salehliyə çatsın, dünyanın və səmanın nemətləri ilə dolub qayıtsın. Çünki Sənə — Ataya, Oğula və Müqəddəs Ruha aiddir padşahlıq, qüvvət və izzət, indi, hər zaman və sonsuza qədər. Amin.

 

Tövbə duası

Ey Pərvərdigar Məsih Allah, Öz əzablarınla mənim əzablarıma şəfa verirsən, Öz yaralarınla mənim yaralarımı sağaldırsan. Mənə tövbə göz yaşı ver, çünki sonu yoxdur günahımın. Vücudumu həyatverən Vücudunun ətri ilə doyur, şeytanın mənə içirtdiyi acılığın əvəzinə isə Sənin dəyərli Qanının şirinliyini ver ruhuma. Yerdə sürünən əqlimi Özünə doğru ucalt, ruhumu məzardan qaldır, çünki Allahın övladlarının mirası olan Səmavi Padşahlığa ucaldan nə tövbəm, nə peşmanlığım, nə də təsəlli verən göz yaşım var. Dünyanın qayğıları əqlimə kölgə saldı, ruhum xəstədir — Sənə baxa bilmirəm, Sənə olan sevgi göz yaşları ilə isinə bilmirəm. Ey Pərvərdigar İsa Məsih Allah, ey Fəzilətlər Xəzinəsi, mənə kamil tövbə, Səni səylə və məhəbbətlə arayan bir ürək bəxş eylə, lütfünü göndər və məndə Öz Surətinin cizgilərini yenilə. Səni tərk etdim, Sən isə məni tərk etmə. Gəl axtar məni, otluğuna qaytar məni, Sənin seçilmiş sürünün quzularına şərik et məni, Sənin Pakizə Validənin və bütün müqəddəslərin şəfaəti ilə müqəddəs Sirlərin çəmənlərində yemlə məni. Amin.

 

Bütün insanlar üçün dua

Ey İnsansevər Rəbb, bizə nifrət edənləri və bizi incidənləri bağışla. Yaxşılıq edənlərə yaxşılıq eylə. Qardaş-bacılarımın və qohumlarımın xilasa doğru aparan dualarını qəbul eylə və onlara əbədi həyat bəxş eylə. Xəstə olanlara nəzər yetir və onlara şəfa ver. Dənizdə olanlara səmt küləyi ver. Səyyahlara yoldaş ol. Bizə xidmət və yardım edənlərin günahlarını bağışla. Biz layiqsizlərdən dua istəyənlərə bol mərhəmətinə görə rəhm eylə. Ya Rəbb, mərhum əcdadlarımızı və qardaş-bacılarımızı yad eylə, qoy onların ruhları Üzünün Nurunda rahat olsunlar. Ya Rəbb, həbsdə olan qardaş-bacılarımızı yad eylə, onları bütün fəlakətlərdən xilas eylə. Ya Rəbb, müqəddəs məbədlərə əməyinin bəhrəsini gətirənləri və xeyriyyəçiləri yad eylə, onların xilasa doğru aparan dualarını qəbul eylə və onlara əbədi həyat bəxş eylə. Ya Rəbb, bizi — Sənin aciz, günahkar, layiqsiz bəndələrini yad eylə, Məsihin Pakizə əbədibakirə Validəsi, Mələkəmiz Məryəmin və bütün müqəddəslərin şəfaəti ilə zehnimizi Səni dərk etməklə nurlandır, əmrlərinin yoluna yönəlt bizi, çünki həmdə layiqsən sonsuza qədər. Amin.

 

Övlad həsrəti çəkənlərin duası

Ey rəhmli və Külli-İxtiyar Allah, dualarımıza görə lütfünü bizə göndər. Dualarımızı qəbul et, ya Rəbb, insanlara verdiyin "törəyib çoxalın" əmrini xatırla, rəhmli Himayəçimiz ol bizim, əmrin Sənin köməyinlə yerinə yetirilsin. Qadir səlahiyyətinlə dünyanı heç nədən yaratdın və onda var olan hər şeyin təməlini qoydun, insanı da Öz surətində yaratdın, izdivacı böyük sirr ilə təqdis etdin, onu Məsihin və Kilsənin birliyinə bənzətdin. Bir-birinə həyat yoldaşları olan bu bəndələrinə (isimləri) nəzər yetir, ey Rəmli Allah, çünki Səndən kömək diləyirlər, rəhmin gəlsin onların üzərinə, bəhərli olsunlar və üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrini görsünlər, arzu olunan qocalığa çatsınlar və Səmavi Padşahlığa Rəbbimiz İsa Məsihin vasitəsi ilə daxil olsunlar. Həmin Məsihə Müqəddəs Ruhla birlikdə bütün izzət, hörmət və ibadət olsun sonsuza qədər. Amin.

 

Övladlar üçün dua

Ey rəhmli səmavi Atamız Allah! Övladlarımız olan (isimləri) və vəftiz övladlarımız olan (isimləri) üçün həlimliklə Sənə dua edirik, onları Sənin himayənə və müdafiənə etibar edirik və onlar üçün Səndən rəhm diləyirik. Onlara möhkəm iman ver, onları öyrət ki Sənə ehtiram göstərsinlər. Layiq et Səni — Xaliqimizi və Xilaskarımızı möhkəm sevsinlər. Ey Allah, onları həqiqət və xeyirxahlıq yoluna yönəlt ki, hər işi Sənin müqəddəs İsminin İzzəti naminə görsünlər. Onları öyrət ki, mömin və fəzilətli ömür sürüb xeyirxah məsihilər və xeyirli insanlar olsunlar. Ruhlarına və bədənlərinə sağlamlıq, hər işlərinə isə uğur ver. İblisin hiylələrindən, saysız büdrəmələrdən, natəmiz ehtiraslardan və günahkar pozğun insanlardan qoru onları. Oğlun Rəbbimiz İsa Məsihin xatirinə, Onun Pakizə Validəsinin və bütün müqəddəslərin şəfaəti ilə onları Sənin əbədi Padşahlığının sakit limanına gətir ki, bütün möminlərlə birlikdə şükür etsinlər Sənə, Sənin Vahid Oğluna və həyatverən Ruhuna sonsuza qədər. Amin.

 

Hər əməldən əvvəl oxunan dua

Ya Rəbb İsa Məsih, əbədi Atanın Vahid Oğlu, əqdəs dodaqlarınla bizə söylədin: “Mənəm Meynə, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz”. Ya Rəbbim, bütün ruhumla, bütün ürəyimlə inanıram sözlərinə, yalvarıram rəhminə, dua edirəm Sənə: başladığım bu işi Sənin şərəfinə bitirmək üçün yardım et mənə: Ata, Oğul və Müqəddəs Ruhun ismi ilə, Sənin Validənin və müqəddəslərin şəfaəti ilə. Amin.

 

Yeməkdən əvvəl oxunan dua

Hər kəsin gözü Sənə baxır, ya Rəbb,

Onların yeməklərini vaxtında verirsən.

Əlini açıb, bütün canlıları doyunca yedirirsən.

 

Ey Allahımız Rəbb İsa Məsih, pakizə Validə Məryəmin və bütün müqəddəslərin şəfaətləri ilə yeməyimizə və içməyimizə xeyir-dua ver, çünki həmdə layiqsən sonsuza qədər. Amin.

 

Yeməkdən sonra oxunan dua

Ey Allahımız Məsih, şükür olsun Sənə / Zəngin nemətlərini verdiyinə görə. / Səmavi Padşahlığını da alma bizdən, / Lakin şagirdlərinin arasında, ey Xilaskar, göründüyün kimi, // Bizim də aramızda ol və bizi xilas eylə.

 



Xəbərlər


Bölmənin digər xəbərləri

SƏHƏR DUALARI
05.03.2024
148

SƏHƏR DUALARI

A ta, Oğul və Müqəddəs Ruhun İsmi ilə. Amin.   Vergiyığanın duası Y a Allah, mən günahkara rəhm eylə! (Təzim et)   İbtidai dua Y a Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.

AXŞAM DUALARI
05.03.2024
64

AXŞAM DUALARI

H əmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.   Y a Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN ƏVVƏL OXUNAN DUALAR
05.03.2024
70

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN ƏVVƏL OXUNAN DUALAR

Y a Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.   H əmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.   Müqəddəs Ruha dua E y Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə

Xəbərlər

Populyar Xəbərlər

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
03.04.2024
286
Yeparxiya xəbərləri

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib

Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
279
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Azərbaycanın katolik icması Pasxa bayramını qeyd edir
31.03.2024
203
Yeparxiya xəbərləri

Azərbaycanın katolik icması Pasxa bayramını qeyd edir

Bakının mqd. Məryəm katolik kilsəsində keçirilən Pasxa ibadətində Bakı yeparxiyasının katibi protoiyerey Dionisiy Sveçnikov və protodiakon Vadim Tokarev iştirak ediblər. İbadətin sonunda protoiyerey Dionisiy ...

Xəbərlər