Azərbaycan dilində ibadət mətnləri

AXŞAM DUALARI

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

 

Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.

 

Həmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.

 

Müqəddəs Ruha dua

Ey Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə mövcud Olan və hər məkanda Var Olan: / ey Fəzilətlər Xəzinəsi / və Həyat Mənbəyi, / gəl və bizə nüfuz eylə, / hər günahımızdan islah eylə // və ruhumuzu, ey Lütfkar, xilas eylə.

 

"Üç Müqəddəs" nəğməsi

Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)

 

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

 

Əqdəs Üçlüyə dua

Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Qutsal Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.

 

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

 

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

 

Rəbbin duası

Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.

 

Tövbə troparları, 6-cı səs

Rəhm eylə, ya Rəbb, rəhm eylə, / çünki yoxdur bəraət bizə, / səslənir müqəssirlər Sənə, / ey Pərvərdigar: “Bizə rəhm eylə!”

 

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.

Ya Rəbb, bizə rəhm eylə, / qəzəblənmə, güvənirik Sənə, / təqsirlərimizi salma yada, / lakin mərhəmətlə nəzər sal bizə, / düşmənlərimizdən bizi xilas eylə. / Çünki Sən Allahımızsan, biz isə xalqınıq Sənin, / hamımız Sənin Əlinin xilqətiyik və İsmini çağırırıq.

 

İndi və hər zaman və sonsuza qədər. Amin.

Rəhmin qapılarını aç bizə, / ey Allahın mübarək Validəsi, / Sənə güvənib ölməyək, / lakin Öz şəfaətinlə / hər fəlakətdən xilas et bizi, / çünki Sənsən məsihi xalqın xilası.

 

Ya Rəbb, rəhm eylə. (12 dəfə)

 

1-ci dua. Müq. Makariosun Ata Allaha duası

Ey Əbədi Allah və hər xilqətin Padşahı! Sən məni bu saata qədər yaşatdın, bu gün sözdə, əməldə, düşüncədə etdiyim günahlarımı bağışla və səfil canımı hər cismani və ruhani natəmizlikdən islah eylə, ya Rəbb. Rahat yuxu bəxş et mənə bu gecə, qoy yatağımdan durub Sənin Əqdəs İsminə ömrüm boyu xidmət edim, mənə hücum edən gözlə görünən və görünməyən düşmənlərimi məğlub edim. Ruhumu murdarlayan bihudə düşüncələrdən və şər ehtiraslardan xilas et məni, ya Rəbb. Çünki Padşahlıq, qüdrət və izzət Sənindir — Atanın, Oğulun və Müqəddəs Ruhun, indi, hər zaman və sonsuza qədər. Amin.

 

2-ci dua. Müq. Antioxun Rəbbimiz İsa Məsihə duası

Ey Külli-İxtiyar, Atanın Kəlamı, İsa Məsih, böyük mərhəmətinə görə heç vaxt məni, Öz bəndəni, tərk etmə, lakin hər zaman qəlbimdə ol. Ey quzularının Mərhəmətli Çobanı İsa, məni ilanın fitnəsinə təslim etmə və şeytanın ixtiyarına buraxma, çünki onda tələf toxumu var. Sən, ey Səcdəgahım, Rəbb Allahım, Müqəddəs Padşah, İsa Məsih, Sönməz Nurun, şagirdlərini təqdis etdiyin Müqəddəs Ruhunla yuxuda məni qoru. Ya Rəbb, mən layiqsiz bəndənə yatağımda xilasımı ver. Zehnimi — Müqəddəs İncilinin idrak Nuru ilə, ruhumu — Çarmıxının məhəbbəti ilə, qəlbimi — Kəlamının paklığı ilə, cismimi — səbirli əzablarınla nurlandır. Düşüncələrimi Sənin Həlimliyinlə qoru və Sənə həmd etmək üçün məni münasib vaxtda oyat. Çünki Sənin, Əbədi Atanın və Əqdəs Ruhun İzzəti sonsuzdur. Amin.

 

3-cü dua. Müq. Suriyalı Efraimin Müqəddəs Ruha duası

Ya Rəbb, ey Səmavi Padşah, Təsəlliverən, Həqiqət Ruhu, mən günahkar bəndənə qarşı mərhəmətini göstər və mənə rəhm eylə. Mənim, nalayiq, hətta heyvandan da betər insanın bu gün könüllü, ya könülsüz, şüurlu, ya şüursuz, gəncliyimə və ya şər təsirlərə görə, hirsdən, ya biveclikdən etdiyim bütün günahlarımı bağışla. Əgər Sənin İsminlə and içmişəmsə, İsminə qarşı ürəyimdə küfr etmişəmsə, kimisə məzəmmət etmişəmsə, qəzəbdən böhtan atmışamsa, kimisə kədərləndirmişəmsə, kiməsə görə qıcıqlanmışamsa, kiməsə yalan söyləmişəmsə və gərəksiz yuxuya getmişəmsə, yanıma gələn bir kasıbı əliboş qaytarmışamsa, qardaşımı qəmləndirmişəmsə; kiminləsə dalaşmışamsa, kimisə mühakimə etmişəmsə, özümü lovğa və ya təkəbbürlə və ya qəzəblə aparmışamsa, dua zamanı bu dünyanın şərinə qərq olmuşamsa və ya pozğun fikirlərə dalmışamsa, yeməkdə və içməkdə ifrata varmışamsa, mənasız gülmüşəmsə, pislik etməyi düşünmüşəmsə, kiminsə gözəlliyini görüb, ona qəlbimdə paxıllıq etmişəmsə, dilimə ədəbsizlik gətirmişəmsə, ya da öz günahlarım saysız olduğu halda qardaşımın günahına gülmüşəmsə, duaya qarşı etinasız olmuşamsa və ya xatırlamadığım bir pislik etmişəmsə, rəhm eylə mənə, çünki bunlardan daha betərini etmişəm. Ey Xaliqim və Pərvərdigarım, mən bivec və layiqsiz bəndəni bağışla və günahlarımdan keç, çünki Sən Lütfkar və İnsansevərsən. Qoy mən, azğın, günahkar və biçarə olsam belə, rahat uzanıb yatım ki, yuxudan oyanıb Sənin səcdənə gəlim, Ata və Yeganə Oğulla bir olan Əqdəs İsminə həmd edim indi, hər zaman və sonsuza qədər. Amin.

 

4-cü dua. Müq. Makariosun duası

Ey Səxavətli və Ölməz Padşah, ey Lütfkar və İnsansevər Rəbb! Sənə ibadət etməyə tənbəllik edən, heç bir xeyir əməli olmayan bu bəndənin ruhunu hidayətə və xilasa yönləndirərək ötən gündən keçirməyinin müqabilində Sənə nə təklif edim, bunun əvəzini necə verim? Xeyir əməli olmayan mən günahkara rəhm eylə. Saysız günahlarımla ləkələnən düşkün ruhumu oyat və bu görünən dünyanın bütün şər düşüncələrini məndən uzaq et. Sən, ey Tək Günahsız Olan, bu gün qarşında şüurlu və ya şüursuz halda, sözdə, əməldə, düşüncədə və bütün hisslərim ilə etdiyim günahları bağışla. İlahi qüdrətin, ölçüyəgəlməz insansevərliyin və qüvvətinlə məni düşmənin mühasirəsindən xilas eylə. Təmizlə, ey Allah, bütün günahlarımdan məni təmizlə! Ya Rəbb, lütf edib, məni şeytanın tələsindən qurtar, əzab çəkən ruhumu xilas et, izzətlə gələcəyin zaman Üzünün Şəfəqi ilə məni nurlandır. İndi isə mənə saf yuxu bəxş eylə və Öz bəndənin düşüncələrini şər röyalardan və narahatlıqlardan qoru. Bütün şeytani əməlləri məndən uzaqlaşdır və ölüm yuxusuna dalmayım deyə, qəlbimin gözlərini nurlandır. Məni düşmənlərdən qorusun deyə, yatağımdan qalxdıqdan sonra Sənə şükranlıq duaları oxuyum deyə, bələdçim olan, ruhumun və bədənimin mühafizəkarı, barış Mələyini göndər. Ya Rəbb, iradəsi və vicdanı günahkar və biçarə bəndə olan məni dinlə! Yuxudan oyanaraq, Sənin ehkamlarına uyğun yaşamağa yardım et və köməyimə mələklərini göndərərək, məni şeytani vecsizlikdən uzaq et! Qoy Sənin Müqəddəs İsminə şükür edim, qoy biz günahkarları himayə etmək üçün bizə bəxş etdiyin Validən olan Pakizə Məryəmi mədh və tərif edim. Onun dualarını qəbul et, çünki bilirəm: Sənin bizə olan məhəbbətini təqlid edərək, O da bizim üçün yorulmadan dua edir. Onun şəfaəti ilə, Müqəddəs Çarmıxın nişanəsi ilə və bütün müqəddəslərin duaları xatirinə miskin ruhumu qoru, ey Allahımız İsa Məsih, çünki Müqəddəs və İzzətlisən sonsuza qədər. Amin.

 

5-ci dua

Ya Rəbb Allahımız, bu gün söz, əməl və düşüncə ilə Sənə qarşı işlətdiyim günahlarımı İnsansevər və Lütfkar olaraq bağışla. Mənə rahat və qayğısız yuxu bəxş eylə. Qoruyucu Mələyini göndər ki, məni hər şərdən hifz eyləsin. Çünki cismimizi və ruhumuzu qoruyan Sənsən və Səni — Ata, Oğul və Müqəddəs Ruhu mədh edirik indi, hər zaman və sonsuza qədər. Amin.

 

6-cı dua

Ya Rəbb Allahımız, Sənə iman edirik və İsmini hər isimdən üstün tuturuq, yuxuya getdiyimiz zaman ruhumuza və cismimizə rahatlıq bəxş eylə, bizi şər röyalardan və şəhvətdən saxla; ehtirasların hücumuna son qoy və bədənimin alovunu söndür. Bizə əməldə və sözdə ismətli olmağı nəsib et ki, saleh həyat yaşayaraq, Sənin vəd etdiyin nemətlərdən məhrum olmayaq, çünki Sən həmdə layiqsən sonsuza qədər. Amin.

 

7-ci dua. Günün 24 saatı müq. Fəsahətli Yəhyanın duası

Ya Rəbb, səmavi nemətlərindən məni məhrum etmə.

Ya Rəbb, məni əbədi əzabdan xilas eylə.

Ya Rəbb, əgər əqlim və ya niyyətimlə, sözüm və ya əməlimlə günah etmişəmsə, məni bağışla.

Ya Rəbb, məni cəhalətdən, unutqanlıqdan, cəsarətsizlikdən və daşürəkli olmaqdan xilas eylə.

Ya Rəbb, məni hər cür sınaqdan xilas eylə.

Ya Rəbb, şər niyyətlərlə qaralmış qəlbimi nurlandır.

Ya Rəbb, mən bir insan kimi günah işlətdim, Sən isə mərhəmətli Allah olaraq mənə rəhm eylə.

Ya Rəbb, zəifliyimi görərək lütfünü mənə göndər ki, Müqəddəs İsmini izzətləndirim.

Ya Rəbb İsa Məsih, mən bəndənin ismini həyat kitabına yaz və mənə rahat ölüm bəxş eylə.

Ya Rəbb Allahım, hərçənd Sənin qabağında bir xeyir əməlim yoxdur, lakin lütfünlə mənə saleh həyata başlamağa kömək et.

Ya Rəbb, Öz lütfünün jaləsini qəlbimə səp.

Göyün və yerin Hökmdarı, mən günahkar, ləkəli və natəmiz bəndəni Padşahlığında xatırla. Amin.

 

Ya Rəbb, tövbədə qəbul et məni.

Ya Rəbb, tərk etmə məni.

Ya Rəbb, sınağa çəkmə məni.

Ya Rəbb, xoş fikirlər ver mənə.

Ya Rəbb, göz yaşı, ölüm haqda unutmamağı və vicdan əzabı bəxş eylə mənə.

Ya Rəbb, tövbə etməyə sövq eylə məni.

Ya Rəbb, həlimlik, ismət və itaətkarlıq ver mənə.

Ya Rəbb, səbir, comərdlik və sadəlik ver mənə.

Ya Rəbb, qəlbimə hər fəzilətin mənşəyi olan Allah qorxusunu ver.

Ya Rəbb, Səni bütün ruhumla, düşüncəmlə və ürəyimlə sevməyə və Sənin iradəni yerinə yetirməyə sövq eylə məni.

Ya Rəbb, məni şər insanlardan, cinlərdən, ehtiraslardan və bütün şər hərəkətlərdən qoru.

Ya Rəbb, qoy Sənin iradən mən günahkarda əmr etdiyin kimi, bildiyin kimi, istədiyin kimi olsun, çünki Sən həmdə layiqsən sonsuza qədər. Amin.

 

8-ci dua. Rəbbimiz İsa Məsihə dua

Ya Rəbb İsa Məsih, Allahın Oğlu, şərəfli Validənin, Mələklərin, Peyğəmbərin, Sələfin və Vəftizçi Yəhyanın, Allahdan ilham alan həvarilərinin, şanlı və müzəffər şəhidlərinin, saleh və mömin ataların və bütün müqəddəslərin duaları xatirinə məni şeytanın davamlı mühasirəsindən xilas eylə. Ey Xaliqim və Rəbbim, Sən günahkarın ölməyini yox, onun şər yolunu tərk etməyini və həyata dönməyini gözləyirsən. Məni də — biçarə və layiqsiz bəndəni — pis yoldan döndər. Məni udmaq və diri-diri cəhənnəmə atmaq istəyən zəhərli ilanın cəhəngindən qurtar. Ey Təsəllim Olan və mən biçarə bəndənin xatirinə fani vücuda bürünən Rəbbim, məni zillətdən qurtar və zavallı ruhuma təsəlli ver. Sənin əmrlərini yerinə yetirməyimi və pis işləri tərk etməyimi ürəyimə təlqin et ki, Səndən gələn bəxtiyarlığa layiq olum, çünki Sənə ümid edirəm, ya Rəbb, məni xilas eylə.

 

9-cu dua. Studioslu Peterin Allahın Validəsinə duası

Ey Allahın Pak Validəsi, biçarə mən Sənə tapınaraq yalvarıram: ey Mələkə, bilirsən ki, mən durmadan günah edib, Sənin Oğlun olan Allahımı qəzəbləndirirəm və hər zaman tövbə etməyimə baxmayaraq, Allahın hüzurunda yalançı çıxıram. Tövbə edirəm və Rəbbin cəzasına görə qorxumdan titrəyirəm, lakin yenə də günahlarımı təkrarlayıram. Ey Allahın Validəsi, bunlar Səndən gizli deyil, buna görə də yalvarıram, ey mənim Mələkəm, mənə mərhəmət göstər, dualarınla məni qüvvətləndir və xeyir əməl etməyi öyrət. Çünki Sən, ey Allahın Validəsi və mənim Pakizə Mələkəm, pis əməllərimə nifrət etdiyimi, Allahımın Qanununu isə bütün varlığımla sevdiyimi bilirsən, lakin bilmirəm nədən istəmədiyimi edirəm, sevdiyim yaxşı əməlləri isə etmirəm. Ey Pakizə, qoy öz şər iradəmi yox, Sənin Oğlun olan Allahımın iradəsini yerinə yetirim. O mənə öyüd verib xilas etsin və Müqəddəs Ruhun lütfünü versin ki, yanlış həyatı tərk edim və Sənin Oğlunun əmrlərinə əməl edim. Çünki izzət, ehtiram və qüdrət Onun və Əbədi Atanın və Müqəddəs, Lütfkar, Həyatverən Ruhundur indi, hər zaman və sonsuza qədər. Amin.

 

10-cu dua. Allahın Validəsinə dua

Ey rəhmli Padşahın mərhəmətli Anası, Allahın mübarək Validəsi, Pakizə Məryəm, Oğlunun və Allahımızın rəhmini əzab çəkən ruhuma yağdır və dualarınla məni xeyir əməllərə yönəlt ki, ömrümün qalan günlərini günahsız yaşayıb, Sənin köməyinlə cənnətə çatım, ey Allahın Validəsi, Pakizə və Mübarək Bakirə.

 

Mühafizəçi Mələyə dua

Ey Məsihin Mələyi! Məni mühafizə edən, ruhumun, bədənimin müqəddəs hamisi!

Bugünkü günahlarımdan islah olunmağımı və şeytan olan düşmənin hər şər əməllərindən qorunmağımı Allahımdan dilə, günahımdan qəzəblənməsin deyə.

Mən dəyərsiz günahkar üçün Allaha dua eylə və mənə şəfaətinlə yardım et ki, Əqdəs Üçlüyün rəhminə və Rəbbimiz İsa Məsihin Validəsinin və bütün müqəddəslərin məhəbbətinə layiq olum. Amin.

 

Allahın Validəsinə kondak

Sənə, ey Allahımızın Validəsi, / Müzəffər Sərəsgər Mələkə, / hər şərdən qurtulan bəndən / bu şükür nəğməsini söyləyir. / Sən isə, ey alınmaz qalanın Sahibəsi, / bizi hər fəlakətdən qoru, / biz də Səni tərənnüm edək: // Sevin, ey Bəysiz Gəlin!

Ey izzətli və əbədi Bakirə! Ey Məsih Allahın Validəsi! Dualarımızı Sənin Oğlun Olan Allahımıza gətir ki, şəfaətinlə həyatımızı xilas etsin.

Ümidim Ata, pənahgahım Oğul, örtüyüm isə Müqəddəs Ruhdur. Ey Əqdəs Üçlük, həmd olsun Sənə.

Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.

 

Sonuncu dualar

Düzgündür vəsf etmək Səni, / Əbədi bəxtiyar Məryəmi, / Xilqətin ən Pakizəsini, / Allahımızın Validəsini. / Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.



Xəbərlər


Bölmənin digər xəbərləri

SƏHƏR DUALARI
05.03.2024
165

SƏHƏR DUALARI

A ta, Oğul və Müqəddəs Ruhun İsmi ilə. Amin.   Vergiyığanın duası Y a Allah, mən günahkara rəhm eylə! (Təzim et)   İbtidai dua Y a Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN ƏVVƏL OXUNAN DUALAR
05.03.2024
79

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN ƏVVƏL OXUNAN DUALAR

Y a Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.   H əmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.   Müqəddəs Ruha dua E y Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə

İLAHİ LİTURGİYANIN MƏTNİ
05.03.2024
63

İLAHİ LİTURGİYANIN MƏTNİ

Dyakon: X eyir-dua ver, ya həzrət. Keşiş: M übarəkdir Atanın, Oğulun və Müqəddəs Ruhun Padşahlığı, indi, hər zaman və sonsuza qədər. Xor: A min.   Böyük yekteniya Dyakon: H üzur içində Rəbbə dua edək! Xor: Y a

Xəbərlər

Populyar Xəbərlər

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
03.04.2024
482
Yeparxiya xəbərləri

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib

Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
418
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
04.04.2024
322
Yeparxiya xəbərləri

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...

Xəbərlər