Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı şəhərin Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsi (keçmiş Əlahəzrət İmperatorun varisi vəliəhdin 206-cı salyan piada alayın Arxangel Mixail alay kilsəsi)

Bakı şəhərin Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsi (keçmiş Əlahəzrət İmperatorun varisi vəliəhdin 206-cı salyan piada alayın Arxangel Mixail alay kilsəsi)

6 dekabr 1909-cu il [1] – bu günə qədər

Bu məbədin tarixini iki dövrə bölmək olar - tarixi və müasir.

Birinci dövr - 1909-cu ildə Salyan (Alekseevsk)[2] kazarmaları yanında yeni hərbi qəsəbədə Salyan alayının əsgər və zabitlərinin ehtiyacları üçün Arxangel Mixail adına kilsə tikildiyi andan 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulana, Salyan kazarmalarında Qırmızı Ordunun əsgərləri yerləşdirilənə və kilsə bağlanana qədər. İkinci dövr 1991-ci ildə məbədin Kilsəyə verilməsi ilə başladı.

* * *

Bu məbəd tikilməzdən əvvəl Salyan alayının ehtiyacları üçün Hərbi Dəniz İdarəsindən 1873-cü ildə alaya (o vaxt hələ də Bakı batalyonuna) verilmiş, şəhərin mərkəzində Spasskaya və Tserkovnaya küçələrinin tinində (Sovet dövründə Qasum İzmailov küçəsi, indi Zərqərpalan və Vidadi küçəsi) yerləşən keçmiş dəniz kilsəsi istifadə edilmişdir. Kilsə köhnə və kiçik idi və kilsə paradları, təntənəli dini mərasimlərin keçirilməsi və ibadət üçün alayın yerləşə biləcəyi heç bir meydan və ya meydança yox idi.

1890-cı ildə Bakıda yerləşən keçmiş Bakı yerli batalyonu 20 sentyabr 1889-cu il tarixli 214 nömrəli əmr əsasında 12-ci Qafqaz batalyonuna çevrildi. Həmin sərəncama əsasən, 15 iyul 1890-cı ildə batalyona təyin edilmiş keşiş də taborun ştatına daxil edildi. Bu vəzifəyə Ozurgeti yerli komandasının keşişi kimi xidmət edən Ata İoann Liadze təyin edildi [1].

1893-cü ildə batalyon Salyan ehtiyat piyada (kadr) alayına, sonradan 262-ci, daha sonra Əlahəzrət İmperator varisi vəliəhdin 206-cı[3] Salyan piyada alayına çevrildi. Köhnə batalyon kilsəsi bundan sonra alay kilsəsi oldu. Onun daha layiqli bir binada təşkilinə çox ehtiyacı var idi, bununla əlaqədar alayın komandanlığı dəfələrlə şəhər şurasına və upravaya müraciət etsə də, hər dəfə rədd cavabı alırdı. [2]

1907-ci ilə alayın əsgər və zabitləri üçün yaşayış şəraitinin yaxşılaşdırılması məsələsi də yetişmişdi - o vaxta qədər kazarmalar şəhərin hər yerinə səpələnmişdi və zabitlər şəhərin müxtəlif yerlərində kirayə mənzillərdə yaşayırdılar, burada uyğun mənzil tapa bilirdilər.

Sankt-Peterburqda əlahəzrət imperator tərəfindən kazarmaların tikintisi üzrə Hərbi Şuranın nəzdində yaradılan imperiya komissiyasında tikintiyə vəsait ayrılmasına dair məsələ həll edildikdən sonra Bakı hərbi tikinti komissiyası tikintiyə pulsuz torpaq sahələrinin seçilməsi üçün şəhərin kənarına baxış keçirib hal-hazırda Azərbaycan Elmləri Akademiyanın yerləşdiyi ərazidə dayandı. Bundan sonra alay komandanlığı şəhərin kənarında Hərbi İdarənin vəsaiti hesabına sonradan Salyan alayının bütün hissələrinin və zabit ailələrinin köçürülə biləcəyi hərbi qəsəbə təşkil etmək, habelə şəhər təmənnasız verməzsə, sahənin qiyməti göstərmək xahişi ilə 24000 kvadrat sajen ərazisi olan pulsuz torpaq sahələrinin ayrılması xahişi ilə upravaya müraciət edir. Şəhər upravası torpaq sahəsini nəinki təmənnasız vermədi, həm də tələb olunan yerdəki torpaq sahəsinə o qədər yüksək qiymət qoydu ki, hərbi komandanlıq bu ərazini tərk etməyə məcbur oldu və daha kiçik bir sahə ilə, ən pis yerdə, daha aşağı qiymətə - şəhər otlağının arxasında, Şemaxinkada cəmi 10.600 kvadrat sajen olan başqa bir yerə razılaşdı.  

1907-ci ilin iyulunda upravanın hesabatına əsasən hərbi qəsəbə tikintisi üçün torpaq ayrılması məsələsi şəhər dumasında baxıldı, lakin şəhər dumasının deputatları belə bir ciddi məsələnin daha diqqətlə öyrənilməli olduğunu hesab edərək prinsipial olaraq bu məsələnin layihələşdirilən formada (uprava və Hərbi Tikinti Komissiyası tərəfindən hazırlanmış) lehinə həll olunmasına razılıq verməyi, lakin yekun qərar Duma tərəfindən xüsusi olaraq bu məqsədlə yaradılmış komissiya tərəfindən baxılmağa qədər təxirə salmağı qərara aldı.

Məsələ yalnız 1908-ci ilin əvvəlində tam həll olundu və artıq mart ayında Bakı Hərbi Tikinti Komissiyası Şamaxinkanın arxasında, şəhər otlağından alınmış torpaq sahəsinə görə şəhərə 42.572 rubl 50 qəpik ödədi.

Demək olar ki, bundan dərhal sonra Bakı Hərbi Tikinti Komissiyası tikinti materiallarının tədarükü və tikinti işlərinin (eyni zamanda, kilsənin özünün tikintisi üçün  7582 rubl olmaqla) müqavilə əsasında podratçıya verilməsi barədə tender elan etdi [3].

6 may 1908-ci ildə kilsənin təməl daşı qoyuldu. Tikinti Bakı Hərbi Tikinti Komissiyası tərəfindən həyata keçirildi, bu komissiya qoşunların dini tələbatının ödənilməsi üçün Baş Qərargahda yaradılmış xüsusi komissiya tərəfindən işlənib hazırlanmış yüksək təsdiq edilmiş layihəni rəhbər tutaraq həyata keçirib.

Hərbi məbədin nümunəvi layihəsi (memar F.M.Verjbitski)

Burada bu xüsusi komissiya və hərbi kilsənin kazarmaları yanında təcili tikintisi üçün həmin komissiyanın hazırladığı hərbi kilsə növü haqqında bir az ətraflı danışmaq lazımdır.

1900-cü ildə o dövrdə hərbi nazir olan və vəzifəsində pravoslav əsgərlərin mənəvi ehtiyaclarının ödənilməsinə böyük diqqət yetirən general A.N. Kuropatkin imperatora aşağı rütbələrin həyatını yaxşılaşdırmaq haqqında hesabat təqdim edir.  O qeyd edir ki, “ştata əsasən keşiş təyin olunması nəzərdə tutulmuş bütün qoşun hissələri nəzdində kilsələrin tikilməsi və mövcud hərbi məbədlərin genişləndirilməsi üçün vəsait tapmaq lazımdır, bunun üçün isə ən azı barak sistemli lakin geniş və ucuz kilsə tipi işləyib hazırlamaq lazımdır ki, kilsənin qiyməti onun tikintisinə mane olmasın və buna görə bu ümdə ehtiyacın təmin olunması təxirə salınmasın”.

Qoşunların böyük kütlələr şəklində və əsasən imperiyanın ucqarlarında və ya tamamilə tərk edilmiş və ya başqa dinə mənsub əhalisi olan yerlərdə yerləşdirilməsi əvvəldən ali hərbi rəhbərliyi qoşunlarda dini-mənəvi tərbiyəni yüksəltməyə, hərbi hissələrin mövcud yeparxiya kilsələrinin olmaması və ya sıxlığı səbəbindən bazar və bayram günlərində kilsə xidmətlərinə qulaq asmaq imkanı olmadığı yerlərdə hərbi kilsələrin tikintisi üçün tədbirlər görmək barədə düşünməyə vadar edirdi.

Buna görə də, hərbi nazirin məruzəsi Əlahəzrət İmperator tərəfindən tam anlayış və dəstək ilə qarşılandı - o, öz əli ilə məruzənin üzərində yazırdı: “Tanrı nəsib etsin ki, qoşunların dini ehtiyacları tezliklə ödənsin, mən bunu birmənalı olaraq çox mühüm məsələ hesab edirəm. 23 yanvar 1900”.

Komissiya bu məsələlərin işlənib hazırlanmasını başa çatdırdı və dəbdəbə və bəzək baxımından deyil, tikilinin genişliyi və qənaətliliyi ilə nümunəvi olan xüsusi bir hərbi kilsə növü hazırladı [4]. Elə həmin gün Baş Qərargahda ali sərəncamla qoşunların dini ehtiyaclarının ödənməsi və alay kilsələrinin tipini işləyib hazırlamaq məsələlərini müzakirə etmək üçün Hərbi Şuranın üzvü, piyada generalı qraf Tatişşevin rəhbərlik etdiyi, hərbi və dəniz ruhanilərinin protopresviteri A.A.Jelobovskinin və Baş Qərargahın, Baş Mühəndislik İdarəsi və imperator tərəfindən Hərbi Şuranın nəzdində yaradılmış kazarmaların tikintisi üzrə komissiya nümayəndələrinin və digər şəxslərin iştirakı ilə xüsusi komissiya yaradıldı.

Hərbi kilsələrin nümunəvi növünə çevrilən kilsənin layihəsini hazırlayan memar Fyodor Mixayloviç Verjbitski 8 may 1900-cü ildə xalqın dini ehtiyaclarının ödənilməsinə dair məsələlərin işlənib hazırlanması komissiyasındakı işinə görə monarx fərmanı ilə təltif edilmişdir [5].

Bu tip kilsə ilk dəfə 148-ci Xəzər piyada alayı üçün Yeni Peterqofda tikilib, 40.000 rubla başa gəlib. Onun planı baxılmaq üçün imperatora təqdim edildi və ali məqam sahibi tərəfindən bəyənildi.

Yeni Peterqofdakı 148-ci Xəzər Piyada Alayının kilsəsi hərbi kilsələr tipi ilə tikilən ilk kilsədir

Hərbi kazarmalar nəzdində kilsənin məcburi tikintisinin qanuniləşdirilməsi zərurəti ilə əlaqədar olaraq, qoşunların dini və mənəvi ehtiyacları ilə bağlı məsələləri müzakirə etmək üçün Baş Qərargahda yaradılmış komissiya 1 dekabr 1901-ci ildə imperatora təqdim edilmiş qərar hazırladı və zati - aliləri tərəfindən belə fərman verildi:

1) Gələcək üçün belə bir qayda yaratmaq ki, hərbi idarənin həm mövcud, həm də bu idarənin sərəncamı ilə və vəsaiti hesabına yeni tikilməkdə olan kazarmalarında pravoslav kilsəsi ayrıca bir bina şəklində ştatına görə kilsə ruhanilərinin təyin olunması nəzərdə tutulmuş qoşun hissələrinin kazarmalarının mütləq hissəsi olsun, və

2) hərbi kilsələrin tikintisi zamanı belə kilsənin əlahəzrət tərəfindən təsis edilmiş və yuxarıda qeyd olunan komissiya tərəfindən hazırlanmış və ali məqam tərəfindən təsdiq edilmiş layihəsini və hərbi kilsələrin daxili ölçülər cədvəli rəhbər tutulmalıdır.

İmperator fərmanından sonrakı ilk onillikdə hərbi idarənin kazarmalarında yeni kilsələrin tikməsinə xəzinədən hər il 300 min rubl, sonrakı illərdə - ildə 100 min rubl ayrıldı. Ümumilikdə, 1901-ci ildən 1917-ci ilə qədər 60-dan çox belə kilsə tikilmişdir (bu gün 69-u məlumdur). Bəzi detallar istisna olmaqla, bütün məbədlər bir-birinə çox bənzəyirdi ki, bu da onların hər birini tamamilə orijinal memarlıq əsərinə çevirdi.

Sərəncama əlavə edilmiş və tikinti zamanı riayət olunması tapşırılan hesabat vərəqində ölçülərinə və müvafiq olaraq tikinti üçün ayrılan məbləğə görə fərqlənən üç növ kilsə göstərilmişdi: 900 nəfərlik 4 batalyondan ibarət piyada alayı üçün kilsə  - 44.000 rubl; 600 nəfərlik 2 batalyon piyada və tüfəng alayları üçün kilsə - 40.000 rubl; və 400 nəfərlik bir batalyon kilsəsi - 37.000 rubl.

800 nəfərlik 262-ci Salyan alayının kilsəsinin tikintisi üçün xəzinədən 42 min rubl ayrıldı. [6]

Biz isə Salyan kazarması yanında kilsənin tikintisinin xronikasına qayıdaq.

1909-cu ilin iyulunda Salyan alayının ayrı-ayrı hissələrinin hazır olduqları üçün yeni kazarmalara köçürülməsinə başlandı. 1909-cu il dekabrın əvvəlində kilsənin, eləcə də bütün hərbi qəsəbənin tikintisi başa çatdı.

Kilsənin kargüzarlıq dəftərindən: “Kilsə 1909-cu ildə Bakı hərbi tikinti komissiyasının səyi və zəhməti ilə,[4] Dövlət xəzinəsindən ayrılmış vəsait hesabına tikilmişdir. Bina daşdır, sinklənmiş dəmirlə üzlənmişdir, zəng qülləsi daşdandır. Müqəddəs Ali-Mələk Mikayıl adına bir taxt var. Qab-qacaq kifayət miqdarda verilir. Ştat üzrə Hərbi İdarənin 1889-cu il tarixli 214 saylı əmri ilə bir keşiş təyin olunması nəzərdə tutulub”.

1913-cü il üçün kilsənin kargüzarlıq dəftərindən

Dekabrın 4-də Tiflisdən İmperator həzrətləri vəliəhdinin yeni 262-ci Salyan alayının hərbi kilsəsinin, eləcə də Bakıdakı hərbi qəsəbədəki kazarmaların təntənəli təqdis mərasiminə Gürcüstan eksarxlığının müvəqqəti rəisi Qreqori, Bakı yepiskopu  ruhanilərin müşayiəti ilə Bakıya gəldi. Yepiskopla görüşmək üçün Bakı  qradonaçalniki podpolkovnik P.İ. Martınov, Bakı qubernatoru kamerger V.V.Alışevski, Bakı ruhaniləri və digər rəsmi şəxslər gəlmişdi. Yepiskop stansiyadan onun iştirakı ilə liturgiyanın keçirildiyi Alexander Nevski Kafedralına tərəf getdi. Liturgiyadan sonra yepiskop qradonaçalniki və qubernatoru ziyarət etdi. Ertəsi gün, dekabrın 5-də Bakı yepiskopu kəramətli Qriqori hərbi qəsəbədə tikilmiş yeni kilsəyə baş çəkdi, qısa dua etdi və zabitlərə moizə etdi. Həmin gün axşam saatlarında imperator həzrətlərinin Qafqaz canişini İ.İ. Vorontsov-Daşkov həyat yoldaşı ilə birlikdə təntənəli mərasimdə iştirak etmək üçün yola düşdü. Canişin xanımı ilə bazar günü, dekabrın 6-da səhər saat 9-da Bakıya gəlib çatdı. Canişini Qafqaz hərbi qərargahının rəisi, qubernator yanında xüsusi təyinatlı məsul şəxslər və digər rəhbərlər müşayiət edirdi. Stansiyanın platformasında 4-cü piyada kazak batalyonunun fəxri qarovul dəstəsi, hərbi orkestrlə birlikdə düzülmüşdü. Bir gün əvvəl gəlmiş 66-cı piyada diviziyasının rəisi general-mayor Oqanovski və digər yüksək rütbəli hərbi qulluqçular da burada idilər. Bakı qubernatoru kamerger V.V. Alışevski bir gün əvvəl canişinin gəldiyi qatarı qarşılamaq üçün Hacıqabul stansiyasına getmişdi. Bakı qradonaçalniki, podpolkovnik P.İ. Martınov və həyat yoldaşı Yelena Georgievna qatarı qarşılamaq üçün səhər tezdən Bakıya gedən yolda Bakı şəhər administrasiyası qarşısında sonuncu stansiya Biləcəri  stansiyasına gəlmişdi.

Qatar Bakı stansiyasına çatan kimi orkestr tərəfindən qarşılandı. Vağzalın platformasında canişini və xanımını Bakı qradonaçalnikinin köməkçisi, podpolkovnik A.D. Podqurski, Bakı qarnizonunun rəisi, polkovnik Kvançxadze, Bakının vitse-qubernatoru, həqiqi dövlət müşaviri A.V. Kulibin, həqiqi dövlət müşaviri Hacı Zeynal-Abdin Tağıyev, bələdiyyə sədrini Səfər-Əliyev şura üzvləri D.D. Arutyunov və M.Q. Hacinsky ilə və Dumanın qlasnıları İ.Hacıyev, İ.b Hacinski və İ.-b. Səfər-Əliyev, Bakı Birja Komitəsinin sədri S.S. Tağıanosov, erməni, müsəlman və yəhudi ruhanilərinin nümayəndələri, yerli erməni, müsəlman, yəhudi, gürcü və molokan cəmiyyətlərinin nümayəndələri, yerli təhsil müəssisələrinin rəhbərləri, dövlət qurumlarının rəhbərləri və s. qarşılayırdı.

Canişin qarşısından təntənəli yürüşlə keçən fəxri qarovul dəstəsini qəbul etdi, sonra onu qarşılayanlarla mehribancasına söhbət etdi. Sonra qraf xanımı ilə komandirlərin və digər şəxslərin müşayiəti ilə maşınlara minərək hərbi qəsəbəyə yola düşdü. Burada, alay kilsəsində, Gürcüstanın fəaliyyət göstərən ekzarxı yepiskop Qriqorinin ifa etdiyi, çoxsaylı ruhanilərin birgə xidmət etdiyi, iki xorla - kafedral və alayla birlikdə bir liturgiya gedirdi. Qubernator və arvadı yarım saat kilsədə qaldılar, sonra zabitlər yığıncağına getdilər, orada saat 1-ə qədər qaldılar, sonra yenidən kilsəyə qayıtdılar və gecə saat 2-ə qədər davam edən xütbəyə qulaq asdılar. Kütləvi mərasimdən sonra kilsənin qarşısındakı meydanda aşağı rütbəlilərin iştirakı ilə yepiskop Qriqori təntənəli dua xidməti və alayın kazarmalarının təqdis mərasimini keçirdi. Sonra təntənəli parad baş tutdu, onu general-adyutant qraf İ.İ. Vorontsov-Daşkov qəbul etdi.

Bundan sonra canişin arvadı və onu müşayiət edən şəxslərlə birlikdə dincəlmək üçün vağzala getdi və saat 9-da bala qayıtmağı, sonra isə gecə saat 12-də Tiflisə yola düşməyi planlaşdırırdı. Qonaqlar artıq bala toplaşmağa başlamışdı, lakin canişindən gələn qasid bildirdi ki, o, indicə Qafqazın keçmiş canişini böyük knyaz Mixail Nikolayeviçin ölüm xəbərini alıb, buna görə də qraf təcili olaraq Tiflisə yola düşür. Bu  səbəbdən bal baş tutmadı və canişin həyat yoldaşı və onu müşayiət edən şəxslərlə birlikdə axşam saat 9 radələrində təcili qatarla Tiflisə yola düşdü. Ekzarx vəzifəsini icra edən yepiskop Qriqori də öz yoldaşları ilə eyni qatarla Tiflisə yola düşdü [7].

10 aprel 1910-cu ildə İmperator Əlahəzrətləri vəliəhdinin 262-ci Salyan piyada alayının keçmiş komandiri, general-mayor Meçislav Konstantinoviç Valterin 1907-ci ildə dəfn edildiyi şəhər hərbi qəbiristanlığından cəsədi təntənəli şəkildə götürülüb onun cəsədi kilsə-məqbərə tikilmiş yeni hərbi qəsəbəyə gətirildi[5]. Onun cəsədi ilə birlikdə borc və and uğrunda canlarından keçmiş Salyan alayının aşağı rütbəli hərbçilərinin də cəsədləri köçürülərək kilsə hasarı daxilində dəfn olundu. Dəfn mərasimində Salyan alayı tam tərkibdə iştirak edirdi. Hərbi orkestr dəfn marşı ifa etdi. General-mayor Valterin cəsədi cənazə maşınında, aşağı rütbəli zabitlərin cəsədləri isə top arabalarında daşınırdı.

Bakı qradonaçalniki, podpolkovnik P.İ. Martınov, Bakı qubernatoru kamerger V.V. Alışevski, Salyan alayının bütün şəxsi heyəti, Bakıda yerləşən hərbi hissələrin rəis və zabitləri, digər rəsmi şəxslər dəfn mərasimində iştirak edərək və yürüşü şəhərdən, Çəmbərəkənddəki hərbi qəbiristanlıqdan Salyan kazarmasındakı kilsəyə qədər müşayiət etdilər [8].

Salyan alayının keçmiş kilsəsi və onun qarşısında alay komandiri general-mayor M.K. Valter kilsə-məqbərəsi. 1967-ci il (foto: Vasili Qlazkov)

Alay kilsəsi ali komandanlığın tələbi ilə ayrıca bina kimi tikilmişdir. Hərbi qəsəbənin iki mərtəbəli alçaq evləri ilə əhatə olunmuş hündür yerdə tikilmiş o, şəhərin demək olar ki, hər yerindən aydın görünürdü. İndi o, ətrafında ucalan çoxmərtəbəli binalar arasında gözə dəymir.

1910-cu illər. Qaladan görünüş (İçəri Şəhər). Mərkəzdə Şamaxı Qapısında (Qoşa Qala Qapısı) köhnə Nikolay kilsəsi yerləşir. Uzaqdan Salyan kazarmasındakı hərbi kilsə seçilib.

1920-ci illər. Dimitrova adına meydanın açılışı (indiki Füzuli meydanı)

 1930-cu illər. Şəkil sirkin indi olduğu yerdən çəkilib

Salyan kazarmasında kilsə tikildikdən sonra ona Bakının mərkəzində yerləşən köhnə Ali-Mələk Mikayıl kilsəsi (köhnə dənizçi kilsəsi) ona təhkim edilmişdir.

* * *

1912-ci ildə kilsələri təftiş etmək üçün hərbi və dəniz ruhanilərinin protopresviteri, bütün ordu və donanma kilsələrinə rəhbərlik edən Georgi İoannoviç Şavelski Bakıya gəldi.

Oktyabrın 7-də axşam saat 6-da bütün hərbi ruhanilər şəhər ruhaniyyəti, yerli hərbi-dəniz idarələri və şəhərin nümayəndələri ilə birlikdə protopresviter atanı stansiyada qarşıladılar. Şavelski gəlib çatan kimi dərhal Salyan alayına getdi və Bakıda olduğu müddətdə orada qaldı. Salyan alayının ölçülərinə görə çox böyük alay kilsəsi zabitlərinin rəhbərlik etdiyi aşağı rütbəli hərbçilərlə dolu idi və burada qısa ibadətdən sonra ata protopresviter toplaşan Salyan alayının əsgərlərinə xütbə oxudu.

Ertəsi gün Georgi ata Bakı liman kilsəsinə baş çəkdi, liman komandirinə və Bakı qradonaçalnikinə baş çəkdi. Sonra o artıq bütün Bakı hərbi və dəniz ruhanilərinin toplaşdığı Salyan alayının kilsəsinə qayıtdı, onun gəlişindən sonra təntənəli liturgiya başladı, ata protopresviter imanın zəruriliyi haqqında yeni bir moizə söylədi. Vida yeməyindən sonra ata protopresviter stansiyaya getdi və özü haqqında ən xoş xatirələr buraxaraq qatarla Qroznıya yola düşdü [9].

* * *

1890-1914-cü illərdə batalyon, daha sonra alay keşişi İoann Vissarionoviç Liadze idi.

18 dekabr 1913-cü ildə protopresviter atanın əmri ilə 206-cı Salyan piyada alayının keşişi İoann Liadze Tiflisdəki 4-cü Qafqaz atıcı alayındakı keşiş vəzifəsinə təyin edildi. Onun yerinə ləğv edilmiş Abas-Tumansk hərbi yerli kilsəsinin keşişi Aleksey Pomerantsev təyin edildi. Sərəncam 1914-cü ilin əvvəlində icra olundu.

1914-cü ilin yayında 1-ci Dünya (Böyük) Müharibəsi başladıqdan sonra keşiş Pomerantsev imperator həzrətlərinin varisi vəliəhdin 206-cı Salyan piyadası ilə birlikdə Bakıdan Cənub-Qərb Cəbhəsinə, 3-cü Orduya yola düşdü.

Hərbi qəsəbədəki kilsə dindarların əksəriyyətindən məhrum qaldı. Hərbi və dəniz ruhanilərinin protopresviterin tabeliyində olan və alayla birlikdə cəbhədəki orduya gedən Salyan alayının keşişini əvəz etmək üçün Salyan kazarmalarındakı kilsəyə yeparxiya idarəsindən bir keşiş təyin edildi.

1919-20-ci illərdə kilsənin keşişi Neçayev ata idi [10].

Salyan kazarmasındakı kilsə ilk bağlanan kilsələrdən biri idi, o, 1920-ci ildə bağlanıb.

17 aprel 1923-cü ildə isə Bakıda dislokasiya olunmuş Styopin diviziya alayının qızıl əsgərləri köhnə Salyan kazarmasının boş kilsəsindən xaçları götürərək irtica evini maarif evinə döndərməkdə köməklik etmək xahişi ilə başçıları Azneftə üz tutdular [11]. Və kilsənin əvəzinə qızıl əsgər Evi tikildi.

Sovet dövründə kilsə daha təyinatı üzrə istifadə edilmirdi. 1970-ci illərdə burada topoqrafik xəritə anbarı yerləşirdi, sonradan həmin anbar başqa yerə köçürüldü. Kilsədə isə idman zalı quruldu. 1988-1989-cu illərdə kilsə desantçılar üçün kazarma kimi istifadə olunurdu.

Salyan alayının keçmiş kilsəsi, 1985-ci il

2 mart 1990-cı ildə gecə kilsədə yanğın baş verdi - dam yandı və uçdu, döşəmə çökdü, divarlar çatladı.

“Axşam yeniyetmələr böyüklərin gözündən uzaqda yeyib-içmək üçün kilsədə məclis təşkil etməyi qərara alır. Kimsə siqaret kötüyünü söndürmədən yerə  atır... Orada isə əsgərlərdən qalan idman mataları və cırıq döşəklər (1988-1989-cu illərdə kilsədə paraşütçülər kazarma qurdular) - ümumiyyətlə, əvvəl közərməyə başladı, sonra isə alovlanıb yandı. Uşaqlar onu söndürməyə cəhd etdilər, sonra isə sadəcə qoyub qaçdılar və məlum səbəblərdən heç kimə heç nə demədilər. Orada isə yanmalı çox şey vari idi, döşəmələr taxta idi və səkdirən güllələrin əmələ gətirdiyi dəliklər ...” - şahidin dediyinə görə, hadisə belə olmuşdu. [12]

***

Məbədin tarixində ikinci, müasir dövr 1991-ci ildə, ağır zədələnmiş kilsə binasının Rus Pravoslav Kilsəsinə təhvil verilməsi ilə başladı.

Gələcək kafedral kilsəsi müxtəlif illərdə geniş miqyaslı bərpadan əvvəl

Məbəddə bərpa işlərinin aparılması imkanı Bakıda yepiskop kafedrası təsis olunduqdan sonra yarandı. Bakı və Xəzər dənizi yepiskopu mərhəmətli Aleksandrın qəyyumluğu və qayğısı ilə təmir-bərpa işləri aparıldı və məbəd təqdis üçün hazırlandı. 27 may 2001-ci ildə Moskvanın və Bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana ilk iyerarxik səfəri zamanı kilsəni Müqəddəs Mürr-daşıyan Zənənlər adına böyük təqdis mərasimini keçirdi və ona kafedral kilsə statusu verdi.

Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedral kilsədə, 2001-ci ildə

Kafedral kilsə azərbaycanlı xeyriyyəçi və sahibkar Aydın Səmədoviç Qurbanovun diqqəti və dəstəyi sayəsində ikinci həyatına qovuşub. Bu qeyri-adi şəxsin hesabına kafedral kilsədə kompleks təmir və bərpa işləri aparıldı: oyma daşdan ikonostas ucaldıldı, divar rəsmləri çəkildi, lazımi kilsə əşyaları alındı.

Mesenat Aydın Qurbanov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə

Təmir-bərpa işlərindən sonra 24 mart 2003-cü ildə təmir edilmiş kilsənin açılışı oldu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatlar və diplomatik nümayəndəliklərin əməkdaşları, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedral kilsəsinin bərpadan sonra açılışı, 2003-cü il.

2003-cü ilin aprelində Konstantinopol Patriarxı I Varfolomey Kafedral kilsəni ziyarət etdi və o, Azərbaycanın pravoslav xristianlarına təbərrük olaraq özünün səmavi himayədarı olan Apostol Varfolomeyin qalıqlarından bir hissəni bağışladı. 2005-ci ilin iyun ayında Kafedral kilsəni Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya ziyarət etdi.

2005-ci ilin sentyabrında Kafedral kilsəni yenidən Rus Pravoslav Kilsəsinin rəhbəri Müqəddəs Patriarx II Aleksiy ziyarət etdi. Səfəri zamanı Rus Pravoslav Kilsəsinin Başçısı Kafedralda baş ibadətgahı təqdis etdi.

2009 və 2010-cu illərdə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill məbədi ziyarət edib dini ayinlər icra etmişdir.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedral kilsəsində, 2010-cu il

15 noyabr 2013-cü ildə kafedral kilsənin ərazisində dövlət himayəsi ilə tikilmiş Bakı və Azərbaycan yeparxiyasının Pravoslav dini-mədəni mərkəzinin açılışı baş tutdu. Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edirdi.

Azərbaycan Respublikasının Prezidenti Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedral kilsəsində, 2010-cu il.

14 noyabr 2019-cu ildə təmir işləri başa çatdırıldıqdan sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill kilsənin kiçik təqdisini həyata keçirdi.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedral kilsəsində, 2019-cu il

 

Ədəbiyyat:

1. RDTA. F. 806, siyahı 11, Qovluq 260. Vərəqlər 1-8. Əlahəz İmperatorun varisi vəliəhdin 206-cı Salyan piyada alayının kilsəsi haqqında 1913-cü il xəbərləri.

2. S.P. Koltunov. 206-cı Salyan piyada alayı.        
https://www.ourbaku.com/index.php/206-й_пехотный_Сальянский_полк

3. “Kaspi” qəzeti. 1907, № 59; № 146; 1908, № 65; № 69.

4. Q.A. Sitoviç. Ordu və donanmanın məbədləri. Pyatiqorsk, 1913

5. Hərbi nazirliyin yüzilliyi. 1802 – 1902. III cild, şöbə 5. Hərbi idarənin 1802-ci ildən 1902-ci ilə qədər dəftərxanası üzrə ümumi heyət rütbələri ilə bağlı tərcümeyi-hal məlumatları, arxiv və ədəbiyyat  materialları göstəricisi. S.-Pb, 1909, səh. 677.

6. “Hərbi ruhaniyyət xəbərləri” jurnal, 1902, № 5. Rəsmi hissə, səh. 129; 1903, № 24. Hərbi idarənin kilsələri haqqında xəbərlər. səh. 738; 1905, № 5, Əlahəzrət İmperator tərəfindən təsis edilmiş Qoşunların dini-mənəvi ehtiyacını təmin etmə komissiyasının 1904-cü ildə həyata keçirdiyi xərclərə dair cədvəl – səh. 132; 1906, № 3, Əlahəzrət İmperator tərəfindən təsis edilmiş Qoşunların dini-mənəvi ehtiyacını təmin etmə komissiyasının 1905-ci ildə həyata keçirdiyi xərclərə dair siyahı – səh. 66; 1907, № 5, Əlahəzrət İmperator tərəfindən təsis edilmiş Qoşunların dini-mənəvi ehtiyacını təmin etmə komissiyasının 1906-cı ildə həyata keçirdiyi kilsə tikintisi üçün ayrılmış 300 000 rubl xərcə dair siyahı – səh. 132; 1908, № 8, Əlahəzrət İmperator tərəfindən təsis edilmiş Qoşunların dini-mənəvi ehtiyacını təmin etmə komissiyasının 1907-ci ildə həyata keçirdiyi kilsə tikintisi üçün ayrılmış 300 000 rubl xərcə dair siyahı – səh. 226; 1909, № 3, Əlahəzrət İmperator tərəfindən təsis edilmiş kazarma tikintisi komissiyasının vasitəçiliyi ilə qoşunların özü tərəfindən xəzinə vəsaiti hesabına 1904- 1908-ci illərdə həyata keçirdiyi yeni kilsələrin tikintisinə çəkilən xərclərə dair cədvəl – səh. 67.

7. “Kaspi” qəzeti. 1909, № 159; № 195; № 273; № 274; № 275.

8. “Kaspi” qəzeti. 1910, № 79; № 82.

9. «Hərbi və dəniz ruhanilərinin bülleteni» jurnalı, 1912, № 6. Yazışmalar. - Hərbi keşiş. Bakıdan. - səh. 246.

10. RDTA. F. 806 Siyahı. 11.D.260. LL. 1-8 cild. - Əlahəzrət İmperatorun varisi vəliəhdin 206-cı Salyan piyada alayının kilsəsinə dair 1913-cü il cədvəli; “Hərbi və dəniz ruhanilərinin bülleteni” jurnalı, 1914, № 3. Protopresviter atanın sərəncamları - səh 130; Azərbaycan Respublikasının 1920-ci il üçün ünvan-təqvimi - Bakı, 1920. IV hissə, Ruhaniyyət - səh. 47.

11. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin xəbərləri, 19 aprel 1923-cü il, №85 (1822)

12. Hərbi şəhərcikdə kilsə. Tolkinist. http://www.baku.ru/frmpst-view.php?frmpst_id=1540892&id=2386256&nd=0#2386256


[1] 1917-ci ilə qədər olan bütün tarixlər Rusiya İmperiyasında qəbul edilmiş köhnə üsluba uyğun olaraq göstərilmişdir.

[2] Kazarmalar əlahəzrət İmperatorun ali fərmanı ilə alayın mübarək hamisi vəliəhd Alekseyin şərəfinə belə adlandırıldı - bu barədə 1 yanvar 1911-ci ildə “Kaspi” qəzetində xəbər dərc olundu. Alay özü isə 30 iyul 1907-ci ildə Əlahəzrət İmperatorun varisi vəliəhdin 206-cı Salyan piyada alayı adlandırıldı. Sovet dövründə bu ad daha çox Salyan kazarması ifadəsindən istifadə olunurdu. 

[3] Əlahəzrət İmperator varisi vəliəhdin 262-ci Salyan piyada alayı 1910-cu il fevralın 20-də 206-cı alay adlandırıldı.

[4] Orijinal mətndə “sə`y” deyilir.

[5] İbadətgah 1970-ci illərdə dağıdıldı.

 

Müəllif: S. Koltunov

 

Теги:
tarix kilsələr


Xəbərlər


Новости по теме

Bölmənin digər xəbərləri

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi
24.12.2021
788
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi

1898 - 1936 Bakıda yeni nəhəng kafedral kilsənin tikilməsi ideyası 1870-ci illərin əvvəllərində, Bakıda kerosin çoxlu miqdarda istehsal olunmağa başladığı

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi
24.12.2021
556
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi

1858 il - 1930 il  [1] 1815-ci ilə qədər Bakıda səyyar ordu kilsəsindən başqa daimi kilsə yox idi. Elə həmin il qaladakı “Qaranlıq cərgələr”

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi
24.12.2021
705
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi

1892 - 1936 14 sentyabr 1892-ci ildə Müqəddəs Xaçın ucaldılması bayramı günündə Nikolay kilsəsində keşiş A.İ.Yunitski və bütün kilsə

Xəbərlər

Populyar Xəbərlər

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
253
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Arxiyepiskop Feofilakt Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini ilə görüşüb
19.02.2024
250
Yeparxiya xəbərləri

Arxiyepiskop Feofilakt Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini ilə görüşüb

Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nagiyev ilə ...

Arxiyepiskop Feofilakt Yeparxiya Toplantının iclasına sədrlik edib
19.02.2024
236
Yeparxiya xəbərləri

Arxiyepiskop Feofilakt Yeparxiya Toplantının iclasına sədrlik edib

Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Yeparxiya Toplantının iclasına sədrlik edib. Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzinin konfrans ...

Xəbərlər